BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada bir araya gələcəklər.
AzerVoice xəbər verir ki, Ərdoğan ilə Ukraynalı həmkarı Zelenski arasında keçiriləcək görüşün detalları Prezidentin Kommunikasiya rəhbəri Burhanəddin Duran tərəfindən paylaşılıb.
Liderlərin bu ilki üçüncü üz-üzə görüşü yenə Prezident Sarayında keçiriləcək və görüşün əsas gündəm mövzusu Rusiya-Ukrayna müharibəsi olacaq.
Ankara, artıq dördüncü ilinə yaxınlaşan müharibənin ədalətli və qalıcı bir sülhlə sona çatdırılması üçün tərəfləri bir neçə dəfə Türkiyədə bir araya gətirib.
Bu çərçivədə Ərdoğan və Zelenski İstanbul danışıqlarının yenidən canlandırılması üçün atıla biləcək addımları müzakirə edəcəklər. Rusiya ilə əsir mübadiləsi məsələsi də görüşdə gündəmdə olacaq.
Prezident Ərdoğan və Zelenski Türkiyə-Ukrayna strateji tərəfdaşlıq münasibətlərini bütün istiqamətləri ilə nəzərdən keçirəcəklər. Həmçinin iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün görüləcək işlər də müzakirə olunacaq.