BAKI, AzerVoice, Nailə Babazadə
İstanbul, Sultangazi – Şəhərin Sultangazi rayonunda 27 mərtəbəli otelin giriş mərtəbəsində yanğın baş verib. Oteldə qalan qonaqlar təxliyə edilib, yanğınsöndürənlər tərəfindən qısa zamanda söndürülən yanğın zamanı dumandan təsirlənən 4 nəfər xəstəxanaya aparılıb.
AzerVoice xəbər verir ki, yanğın saat 02:00 radələrində Karayolları Mahallesi, Abdi İpekçi Caddesi üzərindəki otelin giriş mərtəbəsindəki bir otaqda soyuducunun naməlum səbəbdən alışması nəticəsində başlayıb. Alovlar və yaranan sıx duman əvvəl otağa, sonra isə üst mərtəbələrə yayılıb.
Hadisə yerinə çox sayda yanğınsöndürənlər, təcili yardım və polis göndərilib. Yanğınsöndürənlərin sürətli müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb. Oteldə qalanlar – aralarında xarici turistlərin də olduğu qonaqlar – duman səbəbindən təxliyə edilib. Dumanın təsirinə məruz qalan 4 nəfər xəstəxanaya aparılıb, daha bir neçə nəfərə isə ambulanslarda oksigen dəstəyi göstərilib.
Yanğın tamamilə söndürüldükdən və duman havalandırıldıqdan sonra oteldə qalan qonaqlar otaqlarına qayıda biliblər. Hadisə ilə bağlı araşdırma başlanıb.