BAKI, AzerVoice, Səməd Əyyubov
Türkiyə dünən olduğu kimi, bu gün də dünyanın müxtəlif bölgələrində yaşayan Axısqa türklərinin yanındadır.
AzerVoice xəbər verir ki, bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu səsləndirib.
O, Axısqa türklərinin Türk dünyasının ayrılmaz hissəsi olduğunu və Türkiyə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
“Prezident Rəcəb Tayyib Ərdoğanın uzaqgörən rəhbərliyi ilə 2017-ci ildən bu günədək ölkəmizdə 885 Axısqa ailəsi məskunlaşıb, daha 782 ailənin məskunlaşdırılması prosesi davam edir. Bütün ailələrin vətəndaşlıq və icazə müraciətləri birbaşa izlənilir” - deyə, K.Zorlu bildirib.
O, 80 il əvvəlki sürgün faciəsinin və onun gətirdiyi fəsadların heç vaxt unudulmayacağını qeyd edib.
Onun sözlərinə görə, Türkiyə, sürgündən əvvəlki yurdlarına qayıtmaq istəyən Axısqalıların qayıdış prosesini diqqətlə izləyir və artıq qayıdanların təhlükəsiz, ləyaqətli şəraitdə yaşamasını təmin etməyə çalışır.
"Prezident Ərdoğan bu məsələni Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə də çatdıraraq, Türkiyənin təhlükəsiz və davamlı qayıdış prosesi üçün hər cür dəstək verməyə hazır olduğunu vurğulayıb" - deyə, Zorlu bildirib.
“Bir daha qeyd edirik ki, Türkiyə Respublikası Axısqa türklərinin vətənidir və həmişə də belə qalacaq” – deyə, K. Zorlu yekunlaşdırıb.
Qeyd edək ki, 1944-cü ildə Sovet İttifaqı rəhbərliyi Axıska türklərini “siyasi etibarsızlıq” iddiası ilə Orta Asiyaya - əsasən Özbəkistan, Qazaxıstan və Qırğızıstana sürgün edib. Bu sürgün onların tarixi torpaqlarından kütləvi şəkildə uzaqlaşdırılması və parçalanmış icma halına gəlməsinə səbəb olub.