BAKI, AzerVoice, Nərmin Ağayeva
Türkiyənin üç şəhərində meşə yanğınları ilə mübarizə davam edir.
AzerVoice xəbər verir ki, Türkiyənin Kocaeli, Bartın və Bursa şəhərlərində baş verən meşə yanğınlarının söndürülməsi istiqamətində havadan və qurudan intensiv iş aparılır.
Kocaelinin Karamürsel rayonunun Suludərə məhəlləsində meşəlik ərazidə hələ müəyyən edilməmiş səbəbdən yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürmə və Meşə Təsərrüfatı İdarəsinin qrupları, eləcə də helikopterlər cəlb olunub. Kocaeli valisi İlhami Aktaş yanğınsöndürmə işlərinin küləkli hava şəraitində çətinləşdiyini bildirərək sakinləri diqqətli olmağa çağırıb.
Bartının Amasra rayonunun Ahatlar kəndi yaxınlığında meşə yanğını başlayıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və su maşını göndərilib. Ekipajlar küləkli və dağlıq ərazidə alovla mübarizəni davam etdirirlər.
Bursanın İznik rayonunun Bayındır məhəlləsində kolluq-meşə ərazisində naməlum səbəbdən yanğın başlayıb. Tüstünü görən sakinlərin xəbər verməsi nəticəsində yanğınsöndürmə qrupları əraziyə göndərilib. Hazırda yanğının nəzarət altına alınması üçün havadan və yerdən söndürmə işləri davam etdirilir.