BAKI, AzerVoice, Səməd Əyyubov – Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İtaliyanın paytaxtı Romada həmkarı Matteo Piantedozi ilə görüşüb.
AzerVoice xəbər verir ki, görüş zamanı terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və miqrant qaçaqmalçılığı ilə mübarizə kimi mühüm təhlükəsizlik məsələlərində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Yerlikaya bildirib ki, Piantedozi ilə görüş zamanı, xüsusilə terror təşkilatları, sərhədlərarası mütəşəkkil cinayət şəbəkələri və qanunsuz miqrasiya ilə mübarizə mövzularında nazirliklərarası əməkdaşlıq imkanlarını qiymətləndiriblər.
Nazir bildirib ki, Türkiyə miqrasiya idarəçiliyində qanun, insan hüquqları və milli maraqlar prinsiplərinə əsaslanır, mədəni dəyərlərdən güc alaraq ictimai asayiş, təhlükəsizlik və sağlamlıqdan güzəştə getmir. Onun sözlərinə görə, ölkə tarixi təcrübəsinə əsaslanan insani və rasional yanaşma ilə dünyaya nümunə ola biləcək bir model təqdim edir.
Yerlikaya sonda İtaliya tərəfinə göstərdikləri qonaqpərvərliyə görə təşəkkür edib.
Bundan əvvəl, Ali Yerlikaya Suriyanın Daxili İşlər naziri Ənəs Xəttab ilə görüş keçirmişdi. Görüş zamanı təhlükəsizlik əməkdaşlığı, təlim proqramları və Türkiyədəki suriyalıların vətənə təhlükəsiz və nizamlı şəkildə qayıdışı müzakirə edilmişdi.