BAKI, Azervoice, Nərmin Ağayeva
Türkiyədə 31 vilayətdə aparılan əməliyyatlarda 225 vətəndaşı aldadan 188 şübhəli saxlanılıb.
Azervoice xəbər verir ki, Türkiyədə “Ağırlaşdırılmış Fırıldaqçılıq Şəbəkələri”nə qarşı keçirilən genişmiqyaslı əməliyyatlarda 188 nəfər şübhəli şəxs saxlanılıb, onlardan 102-si barəsində həbs qərarı çıxarılıb. Digər 55 nəfər haqqında isə məhkəmə nəzarəti tədbiri seçilib.
Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, şübhəlilər 31 vilayətdə həyata keçirilən araşdırmalar nəticəsində müəyyən edilərək ələ keçirilib. Saxlanılan şəxslər özlərini dövlət məmuru, hüquqşünas və bank əməkdaşı kimi təqdim edərək, sosial şəbəkələr və tanışlıq proqramları vasitəsilə vətəndaşlara qarşı elektron fırıldaqçılıq və şantaj əməliyyatları həyata keçiriblər. Əməliyyat zamanı şübhəlilərin bank hesablarında ümumilikdə 107 milyon TL-lik əməliyyat həcmi aşkarlanıb.
Nazir Yerlikaya əməliyyatların koordinasiyasında iştirak edən Respublika Baş Prokurorluğunu, Təhlükəsizlik Baş İdarəsinin Asayiş Şöbəsini, yerli polis idarələrini və əməliyyatda iştirak edən bütün əməkdaşları təbrik edib.
Qeyd edək ki, əməliyyatlar Adana, İstanbul, İzmir, Ankara və digər böyük şəhərlərlə yanaşı, ümumilikdə 31 vilayəti əhatə edib. Şəbəkənin əsas fəaliyyət sahəsi vətəndaşlara yalan vədlərlə torpaq aktları satmaq və ya telefon nömrələri, iş yerləri təklif edərək onları maddi zərərə uğratmaq olub.