BAKI, Azervoice , Nərmin Ağayeva
ASELSAN 2025-ci ilin ilk yarısında gəlirini 53,7 milyard lirəyə yüksəldərək rekord müqavilələr imzalayıb, ixrac payını əhəmiyyətli dərəcədə artırıb.
Azervoice xəbər verir ki, ASELSAN 2025-ci ilin ilk altı ayında gəlirini əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 11,3 faiz artırıb. Şirkət 2,8 milyard dollarlıq yeni müqavilə bağlayıb, bunun 1,3 milyard dolları birbaşa və dolayı ixracat müqavilələrinə aiddir. Sifariş portfeli isə ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artaraq 16 milyard dollara çatıb.
Şirkətin 2025-ci ilin ilk yarısında EBITDA marjası 25 faizə yüksəlib, Net Borc/EBITDA nisbəti isə 0,57-yə enib. Ar-Ge xərcləri 42 faiz artaraq 572 milyon dollara, kütləvi istehsal üçün investisiyalar isə iki dəfə artaraq 100 milyon dolları ötüb. ASELSAN həmçinin əməliyyat pul axınını 13,6 milyard lirəyə, sərbəst pul axınını isə 816 milyon lirəyə çatdıraraq maliyyə dayanıqlığını gücləndirib.
Baş direktor Ahmet Akyol bildirib ki, şirkət ilin ilk yarısında səkkiz yeni məhsulu təqdim edib, süni intellektin istehsal proseslərinə inteqrasiyası sayəsində illik 25 milyon dollar qənaət əldə edib. Eyni zamanda, tədarükçülərlə əməkdaşlıq hesabına milli istehsal xərcləri azaldılıb. ASELSAN-ın bazar kapitallaşması hazırda 21 milyard dolları ötərək Borsa İstanbulda ən yüksək dəyərə malik şirkətlər sırasında yer alır.
Qeyd edək ki, ASELSAN ixrac yönümlü strategiyasını davam etdirərək yeni bazarlara çıxışı genişləndirməyi, hava hücumundan müdafiə, radar, elektro-optik və idarəetmə sistemləri kimi kritik sahələrdə istehsal gücünü artırmağı hədəfləyir.