BAKI, TurkicWorld
Havadan sonra quruya dəqiq zərbə - KEMANKEŞ raketi yer hədəflərini
də uğurla vurub.
AzerVoice xəbər verir ki, Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanan süni intellekt dəstəkli KEMANKEŞ 1 mini qanadlı kruiz raketi yeni sınaqlarda yer hədəflərini də dəqiqliklə vuraraq uğurlu nəticə göstərib.
Bayraktar AKINCI TİHA tərəfindən havaya buraxılan KEMANKEŞ 1, Çorlu və Keşan Uçuş Tədris və Sınaq Mərkəzlərinin koordinasiyasında sınaqdan keçirilib. Sınaqda raketin naviqasiya, avtonom uçuş, dalış və atış qabiliyyətləri test edilib. Baykar bildirir ki, süni intellektlə dəstəklənmiş hədəfləmə sistemi ilə KEMANKEŞ 1 yer hədəflərini dəqiq şəkildə məhv etməyə müvəffəq olub.
2023-cü ildə ilk dəfə TEKNOFEST sərgisində təqdim olunan və adını Osmanlı oxçuluğundan alan KEMANKEŞ 1, düşmən xəttinin arxasındakı strateji hədəfləri 200 kilometrdən çox məsafədən vura bilir. Raket, süni intellektlə işləyən optik sistemlə çətin hava şəraitində belə hədəfləri tanıyır və məhv edir. Gecə-gündüz və yüksək tıxac şəraitində işləmək qabiliyyətinə malikdir.
Baykar şirkətinin açıqlamasına görə, KEMANKEŞ 1 Bayraktar TB2, TB3 və AKINCI TİHA-larla tam inteqrasiya ediləcək.
Qeyd edək ki, Baykar 2024-cü ildə də qlobal uğurlarını davam etdirərək gəlirlərinin 90 faizini ixracatdan əldə edib. Şirkət 2023 və 2024-cü illərdə Türkiyədə ən çox ixrac edən 10 şirkət arasında yer alıb və müdafiə-aviasiya sektorunun ixracat lideri olub. Bu günə qədər Bayraktar TB2 üçün 35, AKINCI TİHA üçün isə 15 ölkə ilə ixrac müqaviləsi imzalanıb.














