BAKI,
AzerVoice
Enerji infrastrukturunda yeni sistem dizaynına ehtiyac var.
AzerVoice xəbər verir ki, Türkiyənin
Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Malatyada
səfərdə olarkən ölkənin enerji infrastrukturunda ciddi
yenilənmələrə ehtiyac duyulduğunu bildirib.
Nazir qeyd edib ki, əvvəllər yalnız işıqlandırma məqsədilə qurulan
xətlər artıq çağdaş ehtiyaclara cavab vermir və yeni sistem dizaynı
və arxitekturasına keçid vacib mərhələyə çevrilib.
Malatyada baş tutan görüşlər zamanı Bayraktar şəhərdə aparılan yenidənqurma işlərinə də toxunaraq, 6 fevral 2023-cü il zəlzələlərindən sonra son 2,5 ildə infrastrukturun, xüsusilə də təbii qaz və elektrik xidmətlərinin bərpası üçün böyük addımlar atıldığını bildirib. O, yeni salınan yaşayış məntəqələrinə enerji təminatının prioritet olduğunu vurğulayıb.
Nazir həmçinin bildirib ki, Türkiyənin 81 şəhərinin hamısına təbii qaz çatdırılıb və əhalinin 85 faizi bu xidmətdən istifadə edə bilir: “Məqsədimiz bu komfortu bütün vətəndaşlara çatdırmaqdır. 2026–2030-cu illər dövrü üçün enerji xətlərimizin artıq yalnız işıqlandırmaya deyil, daha geniş ehtiyaclara cavab verəcək şəkildə yenidən dizaynı planlaşdırılır.”