Əsas səhifə » NATO-nun yeni müdafiə strategiyasında Türkiyə əsas rol alır

NATO-nun yeni müdafiə strategiyasında Türkiyə əsas rol alır

BAKI, AzerVoice

Türkiyə NATO-nun hava hücumundan müdafiəsində əsas rol oynayır.

AzerVoice xəbər verir ki, NATO hava hücumlarından müdafiəni beş qat artırmağı hədəfləyən yeni müdafiə strategiyasında Türkiyəyə xüsusi rol verir.

Rusiyanın Ukraynaya intensiv hava hücumlarından sonra Qərb alyansı 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdıraraq tarixinin ən böyük müdafiə investisiyasını həyata keçirməyi planlaşdırır. Bu çərçivədə Türkiyə həm coğrafi mövqeyi, həm də inkişaf etdirdiyi milli texnologiyalarla ön cəbhədə yer alır.

Business Insider-in yaydığı məlumata görə, NATO uzun illər havadan müdafiə sahəsində arxa plana keçsə də, müasir döyüş texnologiyaları — dronlar, qanadlı və ballistik raketlər — bu sahədə ciddi boşluqları üzə çıxarıb. NATO-nun baş katibi Mark Rutte “Rusiyanın hər gün Ukrayna səmasında həyata keçirdiyi ölümcül hava hücumlarına qarşı müdafiə gücümüzü 5 qat artırmalıyıq” deyə bəyan edib.

Bu çərçivədə Türkiyənin HİSAR və SİPER kimi milli müdafiə sistemləri NATO-nun laylı müdafiə strategiyasında əsas sütunlardan birinə çevrilib. Bu sistemlər həm sərhədləri, həm də müttəfiq ölkələri havadan gələn təhlükələrə qarşı müdafiə etmək gücünə malikdir.

Qeyd edək ki, NATO-nun 1,4 trilyon dollarlıq artan müdafiə büdcəsində Türkiyənin payı da durmadan artır. Yerli müdafiə sənayesinə yatırılan sərmayələr sayəsində Türkiyə təkcə regional deyil, qlobal təhlükəsizlik sahəsində də mühüm oyunçuya çevrilir.

NATO rəsmilərinin bildirdiyinə görə, qarşıdakı illərdə bu müdafiə mexanizmləri minlərlə zirehli texnika və milyonlarla sursatla dəstəklənəcək. Türkiyə isə alyansın yeni təhlükəsizlik arxitekturasında “ən kritik rol oynayan ölkə” kimi liderliyini davam etdirəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice