Əsas səhifə » ROKETSAN İndoneziya şirkəti ilə iki yeni müqavilə imzalayıb

ROKETSAN İndoneziya şirkəti ilə iki yeni müqavilə imzalayıb

BAKI, AzerVoice

Türkiyənin müdafiə sənayesi şirkəti ROKETSAN, İndoneziyanın paytaxtı Cakartada keçirilən Cənub-Şərqi Asiyanın ən böyük müdafiə sənayesi sərgilərindən biri olan "İndo Defence 2025" sərgisində PT Republik Defence Indonesia (RDI) şirkəti ilə iki yeni müqavilə imzalayıb.

AzerVoice xəbər verir ki, bu barədə şirkətin verdiyi məlumatda deyilir.

Məlumata görə, ilk olaraq, iki şirkət arasında ATMACA gəmi əleyhinə raket və ATMACA silah sistemi tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.

İkinci müqavilə isə tərəflər arasında yaradılması planlaşdırılan Ortaq Müəssisə Sazişi (JVA) çərçivəsində imzalanıb. Bu təşəbbüslə tərəflər İndoneziyada raket texnologiyalarının yığılması, yerli istehsalı və davamlılığı təmin etməyi, həmçinin uzunmüddətli dövrdə ölkənin müdafiə sənayesində xarici asılılığı azaltmağı hədəfləyir.

ROKETSAN-ın Baş direktoru Murat İkinci imzalanan müqavilələrin PT RDI ilə əməkdaşlıqlarının güclü şəkildə irəlilədiyini bir daha göstərdiyini vurğulayıb.

"İndoneziyanın müdafiə modernizasiyasına töhfə verməkdən və uzunmüddətli sənaye əməkdaşlıqlarının təməlini qoymaqdan böyük qürur duyuruq" - deyə, İkinci bildirib.

Qeyd edək ki, ROKETSAN sərgidə PUA sursatları MAM-C, MAM-L IIR, MAM-T və İHA-230 balistik yer-hava raketlərini, tank əleyhinə sistemlərdən KARAOK qısaməsafəli, OMTAS ortaməsafəli və L-UMTAS lazerlə idarə olunan uzunməsafəli tank əleyhinə raketlərini, hava hücumundan müdafiə sistemlərindən SUNGUR, HİSAR-O, SİPER, LEVENT və MİDLAS daxil olmaqla bir çox məhsullarını nümayiş etdirir.

Bundan əlavə, ÇAKIR qanadlı raketi, ATMACA gəmi əleyhinə raketi, TRG-122, TRLG-230, TRG-300, BORA raketləri, TEBER idarəetmə komplekti və BARBAROS sahil müdafiə sistemi də ROKETSAN-ın sərgidə nümayiş etdirdiyi məhsullar arasında yer alır.

Sərgi iyunun 14-dək ziyarətçiləri qəbul edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice