Əsas səhifə » Diyanət Vəqfi 81 ölkədə ehtiyacı olanlara yardım edib

Diyanət Vəqfi 81 ölkədə ehtiyacı olanlara yardım edib

BAKI,AzerVoice

Türkiyə Diyanət Fondu 81 ölkədə 37 milyondan çox insana qurban əti paylayıb.

AzerVoice xəbər verir ki, Türkiyə Diyanət Fondu (TDV) bu il “Qurbanını paylaş, qardaşına yaxınlaş” şüarı ilə təşkil edilən 33-cü qurban kəsmə kampaniyası çərçivəsində Türkiyə daxilində və 81 ölkədə ehtiyacı olan 37 milyon 285 min 675 nəfərə 898 min 450 pay qurban əti çatdırıb.

TDV tərəfindən yayılan yazılı açıqlamada bildirilir ki, kampaniya Diyanət İşləri Başqanlığı ilə əməkdaşlıq və xeyriyyəçilərin dəstəyi ilə həyata keçirilib. Qurban ətlərinin paylanması proqramı vəkillik əsasında təşkil olunub və bütün mərhələlər İslam qaydalarına uyğun şəkildə aparılıb.

TDV baş direktoru İzani Turan qeyd edib ki, bu il 1 milyon 457 min fələstinliyə də qurban əti çatdırılması planlaşdırılıb. Onun sözlərinə görə, Misirdə kəsilən qurban ətləri qablaşdırılaraq soyuducu anbarlarda saxlanılır və Qəzzaya təhvil veriləcək.

Turan əlavə edib ki, qurban paylarından əlavə olaraq, ehtiyacı olanlara 45 min Quran nüsxəsi və Türkiyə bayraqları da hədiyyə olunub. “Hər qurbanlıq heyvanın seçilməsi və kəsilməsi mərhələsində şəffaflıq və dini qaydalara əməl olunub. TDV-yə əmanət edilmiş paylara zərrə qədər də kölgə salınmasına imkan verilməyib,” – deyə o vurğulayıb.

Qeyd edək ki, TDV qurulduğu gündən bəri ümumilikdə 6 milyon 307 min 760 səhmin qurbanını təşkil edib. Turanın sözlərinə görə, artan etimad və dəstək, vəqfə və Diyanət Təşkilatına olan güvənin göstəricisidir.

Digər Kateqoriyalar

2025 © Azervoice