BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qətər səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən Suriya ilə bağlı mühüm mesajlar verib.
AzerVoice xəbər verir ki, O, Suriya Demokratik Qüvvələri (SDQ) ilə Şam rəhbərliyi arasında mümkün inteqrasiya, bölgədə sabitliyin bərpası və Türkiyənin diplomatik səyləri haqqında danışıb.
Ərdoğan bildirib ki, Suriyada birlik və əmin-amanlığın təmin olunması, ölkə daxilində davamlı sülhün qurulması Türkiyənin əsas prioritetlərindəndir:
“İndi Suriyada birlik və bərabərliyin təmin olunması, daimi sülhün hər guşədə hökm sürməsi bizim ən böyük arzumuzdur. Bunun üçün Suriya xalqının yanında olmağa davam edirik.” - deyə Ərdoğan qeyd edib.
Ərdoğan əlavə edib ki, Suriya Prezidenti Əhməd əş-Şəraa ilə birbaşa görüşü zamanı bu məsələlər ətraflı şəkildə müzakirə olunub. O, SDQ ilə Şam rəhbərliyi arasında inteqrasiya axtarışlarını Suriyanın ərazi bütövlüyü baxımından müsbət addım kimi qiymətləndirib.
“Suriya Demokratik Qüvvələri ilə Şam arasında mümkün inteqrasiya, ölkənin vahidliyinə töhfə verə bilər. Bəzi qüvvələr Suriyanın birləşməsinə mane olmaq üçün zaman-zaman təxribatlar törədir.” - deyə vurğulayıb.
Ərdoğan həmçinin qeyd edib ki, bölgədə İsrailin dağıdıcı siyasəti Suriyanı zəiflətmək məqsədi daşıyır.
Türkiyə Prezidenti vurğulayıb ki, Türkiyə Suriyanı heç vaxt tək buraxmayacaq.
“Barış ilə hamımız qazana bilərik. Münaqişə ilə uduzan yalnız bölgə xalqları olur. Provokasiyalara aldanmadan, yanlış yollara yayınmadan, irəliləmək vacibdir. Biz bütün suriyalıların yanındayıq.” - sonda qeyd edib.