BAKI, AzerVoice
ASELSAN dünyanın ən yüksək bazar dəyərinə malik 18-ci müdafiə şirkəti olub.
AzerVoice xəbər verir ki, Türkiyənin
müdafiə sənayesində aparıcı rol oynayan ASELSAN, Companies Market
Cap platformasının yayımladığı siyahıya əsasən dünyanın ən yüksək
bazar dəyərinə malik 18-ci müdafiə şirkəti seçilib.
Şirkətin bazar dəyəri hazırda 15,18 milyard ABŞ dolları təşkil
edir.
Siyahıda ABŞ-ın RTX şirkəti 180 milyard dollarlıq bazar dəyəri ilə birinci yerdə qərarlaşıb. Onu ardıcıl olaraq Honeywell (144 milyard dollar) və Fransanın Safran şirkəti (124 milyard dollar) izləyir. F-35 layihəsi ilə tanınan Lockheed Martin isə 110 milyard dollarla 4-cü pillədədir. İlk onluqda həmçinin Rheinmetall (5-ci), BAE Systems (6-cı), General Dynamics (7-ci), Northrop Grumman (8-ci), Thales (9-cu) və L3Harris Technologies (10-cu) kimi dünya nəhəngləri yer alıb.
1975-ci ildə Kipr Sülh Hərəkatından sonra Türkiyəyə tətbiq olunan embarqolara cavab olaraq qurulan ASELSAN, bu gün hərbi rabitə sistemlərindən tutmuş hava hücumundan müdafiə, elektro-optik kəşfiyyat və elektron müharibə sistemlərinə qədər geniş sahələrdə məhsullar təqdim edir.
ASELSAN həmçinin 2025-ci ildə Borsa İstanbul-un BIST 100 indeksində ən yüksək bazar dəyərinə malik şirkətlərdən birinə çevrilib. Şirkətin ixrac göstəricilərində də davamlı artım müşahidə olunur.
Qeyd edək ki, ASELSAN uzun illərdir yerli və milli texnologiyaların inkişafında əsas lokomotivlərdən biri kimi çıxış edir və Türkiyənin strateji texnoloji müstəqillik yolunda önəmli rol oynayır.