Əsas səhifə » Türkiyədə FETÖ və İŞİD-ə qarşı əməliyyat keçirilib

Türkiyədə FETÖ və İŞİD-ə qarşı əməliyyat keçirilib

BAKI, AzerVoice

Ankarada FETÖ və İŞİD terror təşkilatlarına qarşı eyni vaxtda həyata keçirilən əməliyyatlar çərçivəsində ümumilikdə 18 nəfər barəsində həbs qərarı çıxarılıb.

AzerVoice xəbər verir ki, Ankara Baş Prokurorluğun yaydığı açıqlamaya əsasən, FETÖ-nün Hava Qüvvələri Komandanlığındakı gizli strukturlarına dair aparılan istintaq zamanı təşkilatın rəhbərləri ilə əlaqə saxladıqları müəyyən edilən 12 keçmiş hərbiçi barəsində həbs qərarı verilib.

Onların Ankara ərazisindəki ictimai obyektlərdə yerləşən konturlu sabit telefon xətləri vasitəsilə təşkilatın rəhbərləri ilə əlaqə saxladıqları təsbit edilib.

Eyni zamanda İŞİD terror təşkilatına qarşı əvvəlki istintaqlarda əldə olunan rəqəmsal materialların təhlili nəticəsində, təşkilatın məxfi mesajlaşma tətbiqləri vasitəsilə əlaqə saxladıqları və üzvlüklərinə dair rəqəmsal sübutların olduğu 6 nəfər barəsində də həbs qərarı çıxarılıb.

Hazırda Ankara mərkəzli yeddi şəhərdə adıçəkilən 18 nəfərin saxlanılması istiqamətində əməliyyatlar Ankara Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə İdarəsi tərəfindən davam etdirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice