BAKI, AzerVoice
Türkiyənin İzmir şəhəri mərkəz olmaqla dörd şəhərdə keçirilən antiterror əməliyyatı çərçivəsində silahlı terror təşkilatı İŞİD-ə qarşı yönəlmiş tədbirlər nəticəsində 10 nəfər şübhəli şəxs saxlanılıb.
AzerVoice xəbər verir ki, əməliyyat İzmir Baş Prokurorluğunun rəhbərliyi və Şəhər Jandarma Komandanlığının Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Əməliyyatın əsas məqsədi İŞİD terror təşkilatının maliyyələşdirilməsinin qarşısını almaq olub.
İstintaq çərçivəsində barəsində həbs qərarı çıxarılmış 12 nəfərdən 10-u hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilib.
Araşdırmalar zamanı məlum olub ki, şübhəlilərdən biri hazırda ölkə xaricindədir. Digər bir nəfərin isə saxlanılması istiqamətində axtarış və əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Türkiyə son illərdə İŞİD və digər silahlı ekstremist qruplara qarşı mütəmadi əməliyyatlar həyata keçirir və terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirməyə davam edir.