Əsas səhifə » PKK silahı yerə qoyması ilə Türkiyə yeni bir səhifə açır - Bahçeli

PKK silahı yerə qoyması ilə Türkiyə yeni bir səhifə açır - Bahçeli

BAKI, AzerVoice

"PKK bəlası bitəcək, 47 ildir yazılan qanlı səhifə bağlanacaq."

AzerVoice xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlet Bahçeli yazılı açıqlama ilə çıxış edərək PKK-nın silahı yerə qoyduğunu və təşkilati varlığını ləğv etdiyini bəyan edib.

O, bu hadisəni Türkiyə tarixində dönüş nöqtəsi kimi qiymətləndirib.

Bahçelinin sözlərinə görə, PKK-nın fəaliyyətinə son qoyması ilə birlikdə, 47 il boyunca xəyanətlə yazılmış qanlı səhifənin bağlanacağına ümid edir. O, bu addımın Türkiyədə sülh və təhlükəsizlik mühitinin möhkəmlənməsi üçün əsas imkan yaratdığını qeyd edib.

"Türkiyə Cümhuriyyəti heç vaxt dağıtma və ya soyqırım siyasəti aparmayıb. Türk və Kürd xalqları bir-birinə bağlıdır və bu birliyin heç bir güc tərəfindən pozulmasına imkan verilməyəcək", – deyə Bahçeli bildirib.

O, həmçinin terror təşkilatının tam ləğv olunmasının nə zaman və necə həyata keçiriləcəyi, terrorçuların digər fraksiyalara keçid ehtimalı, silahlarını yerə qoyan şəxslərin hüquqi statusu və PKK rəhbərliyinə qarşı tədbirlərin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi kimi məsələlərin diqqətlə araşdırılmasının vacibliyini vurğulayıb.

Bahçeli, bu dönüşün demokratiyanın və siyasətin güclənməsi, milli birlik və həmrəyliyin möhkəmlənməsi üçün böyük imkan yaratdığını bildirib və Türkiyə Silahlı Qüvvələri də daxil olmaqla, prosesdə iştirak edən bütün şəxslərə və qurumlara təşəkkürünü çatdırıb.

Qeyd edək ki, PKK terror təşkilatı 1978-ci ildə Diyarbakırın Lice rayonunda qurulub və ilk silahlı hücumunu 1984-cü ildə həyata keçirib. 2025-ci ilin may ayında təşkilatın keçirdiyi son qurultayda silahları yerə qoyduğu və fəaliyyətini dayandırdığı açıqlanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice