BAKI,AzerVoice
Böyük Britaniya Türkiyəyə Eurofighter Typhoon döyüş təyyarələrinin mümkün satışı ilə bağlı rəsmi dəstəyini bir daha bəyan edib.
AzerVoice xəbər verir ki, Birləşmiş Krallığın Müdafiə Naziri Maria İql, parlamentə təqdim olunan yazılı cavabda ölkəsinin bu satış prosesinə dəstəyinin davam etdiyini açıqlayıb.
O, Almaniya və digər tərəfdaş ölkələrlə bu istiqamətdə danışıqların davam etdiyini də bildirib.
"Almaniya ilə texniki avadanlıq və ortaq müdafiə proqramları ilə bağlı mütəmadi görüşlər keçirilir. Birləşmiş Krallıq, növbəti nəsil döyüş platforması kimi Eurofighter Typhoon təyyarələrinin Türkiyəyə satışını tam şəkildə dəstəkləyir"- deyə İql bildirib.
Qeyd edək ki, Eurofighter Typhoon proqramı Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya arasında birgə icra olunan layihədir. Proqrama daxil olan ölkələrin hər hansı üçüncü tərəfə satışla bağlı ortaq razılığı tələb olunur. Almaniya isə daha əvvəl siyasi və regional narahatlıqlar səbəbilə Türkiyəyə hərbi texnika satışı məsələsində ehtiyatlı mövqe sərgiləyib.
Türkiyə uzun müddətdir ki, 40 ədəd Eurofighter Typhoon Tranche 4 tipli döyüş təyyarəsinin alınması üçün Birləşmiş Krallıqla danışıqlar aparır. Bu məqsədlə Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən hazırlanmış “İhtiyaç Tanım Dökümanı” yaxın günlərdə Britaniyanın Müdafiə Nazirliyi və BAE Systems şirkətinə təqdim olunub.
Hazırda nazirlikdən bildirilib ki, Birləşmiş Krallıqdan təqdim olunan təklif qiymətləndirmə mərhələsindədir. Ankara 20+20 modeli ilə 40 təyyarə almağı planlaşdırır. Satışa daxil olan Tranche 4 təyyarələrinin tamamilə yeni istehsal ediləcəyi, əlavə olaraq təlim məqsədilə ikinci əl Typhoon təyyarələrinin alınmasının da mümkün olduğu qeyd edilir.