BAKI,
AzerVoice
Fransanın Rubaix şəhərində Eyüp Sultan Məscidi istifadəyə
verilib.
AzerVoice xəbər verir ki, Fransanın
şimalında yerləşən Rubaix şəhərində Diyanət İşləri Türk-İslam
Birliyinə (DİTİB) bağlı Eyüp Sultan Məscidinin açılış mərasimi
keçirilib.
Təxminən 12 il davam edən tikinti işləri nəticəsində inşa edilən
məscid 3 min nəfərlik ibadət sahəsinə malikdir.
Açılış mərasimində Türkiyənin Parisdəki baş konsulu Kerem Yılmaz, Dini Xidmətlər Baş direktoru Şaban Kondi, DİTİB Fransa prezidenti və Paris dini xidmətlər müşaviri Bayram Demirtaş, Xaricdəki Türklər və Qohum İcmalar İdarəsinin rəsmiləri və yerli səlahiyyətlilər iştirak ediblər.
Çıxışında Şaban Kondi məscidlərin yalnız ibadət yeri olmadığını,
həm də birgə yaşayış və dostluq ruhunun simvolu olduğunu qeyd
edib.
Qeyd edək ki, Osmanlı memarlığından ilhamlanaraq inşa edilən Eyüp
Sultan Məscidinin 23 metr hündürlüyündə bir minarəsi, 15 metrlik
baş günbəzi və 7 kiçik günbəzi var. Məscidin mərmər örtüyü
Konyadan, qapıları Maraşdan gətirilib, xalçaları isə Manisada
toxunub. İstanbuldan gətirilmiş 4 mərtəbəli çilçıraqda Memar Sinan
ənənəsinə uyğun olaraq hörümçək və həşəratlara qarşı dəvəquşu
yumurtalarından istifadə olunub. Rubaix bələdiyyəsi məscidə gedən
küçənin adını “İstanbul küçəsi” olaraq dəyişdirib.