BAKI, AzerVoice
“Türkiyə bölgədə birtərəfli addımlara qəti şəkildə icazə verməyəcək.”
AzerVoice xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər TEKNOFEST-də iştirak etmək üçün Şimali Kipr Türk Respublikasına səfəri zamanı 39-cu Mexanikləşdirilmiş Piyada Diviziya Komandanlığını ziyarət edib və bölgədəki gərgin proseslərlə bağlı qəti mövqeyini ifadə edib.
Nazir bəyan edib ki, bəzi üçüncü tərəflərin Yunanıstanla bağladığı birtərəfli razılaşmalar, həyata keçirilən hərbi təlimlər və enerji layihələri yaxından izlənilir: “Bu kimi təşəbbüslərə, hansı konyuktur şəraitdə olmasından asılı olmayaraq, heç vaxt icazə verilməyəcək.” - deyə o bildirib.
Nazir Gülər bölgənin geosiyasi əhəmiyyətinə toxunaraq, çoxşaxəli təhdidlərə qarşı ayıq və güclü olmağın vacibliyini vurğulayıb.
O, həmçinin Türkiyənin beynəlxalq təhlükəsizlik arxitekturasında fəal və əvəzolunmaz rol oynadığını qeyd edib.
Nazir çıxışında 1974-cü ildə həyata keçirilən Kipr Sülh Əməliyyatının Adadakı sabitliyin və Kipr türklərinin təhlükəsizliyinin təminatçısı olduğunu bildirib. “Əməliyyat həm bölgədəki sabitlik, həm də türk xalqının hüquqlarının qorunması baxımından həlledici rol oynayıb.” - deyə o bildirib.
Qeyd edək ki, Nazir Gülər TEKNOFEST münasibətilə Şimali Kiprə etdiyi səfər zamanı 39-cu Piyada Diviziyasının fəaliyyətini yoxlayaraq hərbçilərlə də görüşüb.