BAKI,AzerVoice
Türkiyə Əsrini əməyin və alın tərinin əsrinə çevirmək üçün əlimizdən gələni edəcəyik.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Əməklərini alın təri ilə bərəkətləndirən işçilərimizin hüquqlarını qorumaq bizim başlıca vəzifəmizdir. İşçi və işəgötürənlərimizlə, fermer və istehsalçılarımızla, həmkarlar ittifaqlarımızla birlikdə Türkiyəni daha güclü gələcəyə aparacağıq” – deyə o qeyd edib.
Ərdoğan son 23 ildə həyata keçirilən qanunvericilik dəyişikliklərini xatırladaraq, bu səylərin qətiyyətlə davam etdiriləcəyini bildirib.
Görüşdə iştirak edən nazirlər də 1 Mayın əhəmiyyətini vurğulayıb. Əmək və Sosial Müdafiə Naziri Vedat İşıkhan 1 Mayın işçi hüquqlarının və iş həyatındakı problemlərin müzakirə olunduğu mühüm gün olduğunu qeyd edib.
“Əməkçi qardaşlarımızın hüquqlarını ölkəmizin imkanları çərçivəsində maksimum səviyyədə təmin etmək üçün dəstəyimiz davam edəcək,” – deyə Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək bildirib.
Qeyd edək ki, Türkiyədə hər il 1 May Əmək və Həmrəylik Günü müxtəlif şəhərlərdə mitinqlər və yürüşlərlə qeyd olunur. Təhlükəsizlik qüvvələri tədbirlərin sülh və sabitlik şəraitində keçməsi üçün geniş hazırlıq tədbirləri görür.