BAKI, AzerVoice
Türkiyənin müdafiə sənayesinin ən önəmli layihələrindən biri olan KIZILELMA pilotsuz döyüş təyyarəsi Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) keçiriləcək TEKNOFEST tədbirində nümayiş olunacaq.
AzerVoice xəbər verir ki, Baykar
şirkəti tərəfindən hazırlanan KIZILELMA pilotsuz döyüş təyyarəsi
Çorlu Hava Limanından havalanaraq Geçitkale Hava Limanına
enəcək.
Bu uçuş KIZILELMA üçün indiyə qədərki ən uzun məsafəli və tarixi
uçuş hesab edilir.
KIZILELMA hazırda Türkiyənin ən sürətli pilotsuz uçuş platformasıdır və müxtəlif konfiqurasiyalarda hava-hava missiyaları, yer hücum əməliyyatları kimi geniş diapazonlu tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Müdafiə sənayesi mütəxəssisi Kadir Doğan bildirib ki, KIZILELMA gələcəkdə pilotlu təyyarələrlə birlikdə fəaliyyət göstərərək hava üstünlüyünün əldə olunmasında mühüm rol oynayacaq.
Mütəxəssis, həmçinin qeyd edib ki, missiya radiusu min kilometrə çatan KIZILELMA-nın KKTC-yə uçuşu təkcə texniki uğur deyil, eyni zamanda siyasi mesaj daşıyır. Xüsusilə KKTC-də yaradılacaq potensial hava bazasının Türkiyənin Suriyaya və İsrailə yaxın bölgələrdə operativ imkanlarını gücləndirəcəyi vurğulanıb.
Kadir Doğan bildirib ki, bu uçuş təkcə Cənubi Kiprə deyil, İsrailə də ciddi mesaj verir. Belə ki, KIZILELMA-nın Şərqi Aralıq dənizində aktivliyi, Türkiyənin regiondakı təsir imkanlarını nümayiş etdirir.
Qeyd edək ki, Türkiyə bayrağının dalğalandığı hər bölgədə sülhə, təhlükəsizliyə və sabitliyə xidmət etməyi əsas prioritet hesab edir. Bu baxımdan, KIZILELMA-nın KKTC-yə tarixi uçuşu gərginlik yaratmaq məqsədi daşımır, sadəcə olaraq mövcud imkanların nümayiş etdirilməsi kimi qiymətləndirilir.