BAKI, AzerVoice
Romada baş tutacaq zirvə toplantısının Türkiyə və İtaliya arasındakı əlaqələrdə daha da müsbət inkişaflara səbəb olacağı gözlənilir.
AzerVoice xəbər verir ki, Türkiyənin Romadakı səfiri Elif Çomoğlu Ülgen, sabah Romada keçiriləcək dördüncü Türkiyə-İtaliya Hökumətlərarası Zirvə toplantısının “şad xəbərlərə müjdə olduğunu” ifadə edib.
Bu zirvə toplantısı, 2008-ci ildə İzmirdə, 2012-ci ildə Romada və 2022-ci ildə Ankarada keçirilən üç zirvənin davamıdır. Zirvənin gündəliyində siyasi, iqtisadi və mədəni sahələrdə yeni əməkdaşlıq imkanları və gələcək layihələr yer alacaq. Həmçinin, işgüzar dairələrin iştirakı ilə bir biznes forumunun keçirilməsi nəzərdə tutulur ki, burada hər iki ölkənin iş adamları bir araya gələcək.
Səfir Ülgen, Romadakı vəzifəsinə başladığı gündən bu zirvənin, iki ölkə arasındakı əlaqələrin ən mühüm hədəfi olduğunu vurğulayıb.
İki ölkə arasındakı ticarət əlaqələrinin güclənməsinin və hər iki dövlətin siyasi səviyyədə daha yaxın əməkdaşlıq etməsinin vacibliyini qeyd edən Ülgen, həmçinin Avro-Atlantik təhlükəsizlik arxitekturasının yenidən nəzərdən keçirilməsinin vacibliyinə toxunub.
Ülgenin sözlərinə görə, zirvənin əsas məqsədi yalnız siyasi və iqtisadi sahələrdəki əlaqələri inkişaf etdirmək deyil, eyni zamanda mədəni əlaqələrin də daha da möhkəmləndirilməsidir. O, bu yaxınlarda Romada təşkil edilən Göbeklitepe sərgisinə də toxunaraq, "Bu sərgi Türkiyə ilə İtaliya arasındakı mədəni əlaqələrin gücləndirilməsində mühüm bir addım oldu. Mədəniyyət sahəsindəki əməkdaşlıq, iki ölkə arasındakı əlaqələrin əsasını daha da möhkəmləndirəcək" - deyə qeyd edib.
Səfir Ülgen, Türk-İtaliya turizminin də böyük bir potensiala malik olduğunu və hər iki ölkənin turist mübadiləsini artırmaq üçün layihələr üzərində işlədiklərini bildirib.
Son illərdə Türkiyə ilə İtaliya arasında ali təhsil sahəsində də ciddi inkişaflar qeydə alınıb. Ülgen, Türk tələbələrinin son dövrlərdə İtaliyaya təhsil üçün üstünlük verdiklərini qeyd edərək, bunun gələcəkdə daha da möhkəm əlaqələrin qurulmasına səbəb olacağını vurğulayıb.
Bundan başqa, Ülgen Türkiyə ilə İtaliya arasındakı viza məsələlərinə də toxunaraq, son dövrlərdə Türkiyəli tələbələrin viza almaqda çətinliklərlə üzləşdiklərinvə bu məsələnin tez bir zamanda həll olunması üçün çalışdıqlarını bildirib.
Səfir sonda Zirvə toplantısının sonunda əldə ediləcək nəticələrin Türkiyə və İtaliya arasındakı əlaqələrin gələcəyini daha da möhkəmləndirəcəyinə inandığını bildirib və sammitin uğurla başa çatmasını arzulayıb.