BAKI, AzerVoic
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri və AK Partiyanın Kayseri millət vəkili Hulusi Akar, PKK lideri Abdullah Öcalanın təşkilata silahları yerə qoymaqla bağlı etdiyi açıqlamaya reaksiya verib.
AzerVoice xəbər verir ki, Akar
bildirib ki, terrorla mübarizədə heç bir güzəşt və ya əfv gündəmdə
deyil.
"Burada heç bir güzəşt yoxdur, əfv də müzakirə mövzusu deyil. Hər
kəs öz cəzasını çəkəcək. Amma terrorun sona çatması üçün addımlar
atılır. Sahədə heç nə dəyişməyib, Mehmetçik onların sığınacaqlarını
yerlə-yeksan edib, terrorla mübarizə gecə-gündüz davam edir." -
deyə bildirib.
Akar vurğulayıb ki, Türkiyə terroru bitirməkdə qətiyyətlidir və bu məsələ heç bir güzəştlə qarışdırılmamalıdır.
"Bu, terrorçulara güzəşt deyil, şəhidlərimizin qanını unutmaq da deyil. Əksinə, bu mövzuda son dərəcə həssasıq. Cənab Prezidentimiz və Dövlət Bahçeli də bu məsələdə lazımi həssaslığı göstəriblər. Dünən də lazımi açıqlama verildi və terror təşkilatının rəhbəri 'silahları yerə qoyun, təşkilatı buraxın' dedi. Edib-etməmələri öz işləridir. Bizim terrorla mübarizə azmimiz və qətiyyətimiz sarsılmazdır." - deyə vurğulayıb.
Akar həmçinin qeyd edib ki, Türkiyə enerjisini terrorla
mübarizəyə yox, ölkənin rifahına yönəltmək istəyir.
"Məqsədimiz terror bəlasına qarşı enerjimizi sərf etməkdən xilas
olub, Türkiyənin rifahı və gələcəyi üçün işləməkdir. İnancımız və
baxışımızda heç bir dəyişiklik yoxdur. Terrorçu terrorçudur və
Türkiyə Respublikası sapasağlam yerində durur. Bundan heç kimin
şübhəsi olmasın." - deyə o bildirib.
Türkiyənin terrorla mübarizədə mövqeyinin dəyişməz olduğunu bildirən Akar, bu mübarizənin sonuna qədər davam edəcəyini vurğulayıb.