BAKI, AzerVoice
Türkiyənin xarici işlər naziri Hakan Fidan, ABŞ-ın Türkiyəyə təhdid yaradan PKK terror təşkilatına verdiyi dəstəyi dayandırmasını gözlədiklərini bildirib.
AzerVoice xəbər verir ki, Fidan bu fikirləri Əl-Cəzirə Ərəbicə kanalına verdiyi müsahibə zamanı səsləndirib.
"Xüsusilə Suriyada İŞİD-lə mübarizə çərçivəsində ABŞ-ın PKK-ya dəstək vermək məcburiyyətindən uzaqlaşmalı və bu siyasətini yenidən nəzərdən keçirməlidir. Çünki ABŞ İŞİD üzvlərini həbsdə saxlamağı taktiki bir məsələ kimi görsə də, bunu PKK-ya dəstək verməklə etməsi bizim üçün milli təhlükəsizlik təhdididir. Bu məsələ ABŞ-Türkiyə münasibətlərində zəhərli bir problemə çevrilib və buna son qoyulmalıdır." – deyə nazir bildirib.
Nazir Fidan qeyd edib ki, ABŞ və Avropa ölkələri PKK/YPG-nin həbsxana xidmətindən istifadə edərək bu terror təşkilatına dəstək verirlər. O, həmçinin vurğulayıb ki, PKK Suriyanın üçdə birini işğal edib və bu ərazilərin əksəriyyəti ərəb şəhərlərindən ibarətdir.
Türkiyə Suriyada yeni administrasiyaya, bütün vətəndaşlara bərabər konstitusiya vətəndaşlığı hüququnun təmin edilməsini tövsiyə edib. Onun fikrincə bu addım cəmiyyətin sülhünə böyük töhfə verəcək.
Fidan əlavə edib ki, sülhün ikinci əsas prinsipi qanuni dövlət orqanları istisna olmaqla, heç bir qrupun silah daşımamasıdır.
Nazir həmçinin vurğulayıb ki, İraq, Türkiyə və İrandan olan PKK terrorçularının Suriyada sığınacaq tapması bu üç ölkənin ərazi bütövlüyü üçün ciddi təhlükə yaradır. O, problemin həll edilməsinin vacibliyini bir daha qeyd edib.
Qeyd edək ki, dünən PKK terror təşkilatının lideri Abdullah Öcalan PKK-ya silahları yerə qoyma çağırısı edib.
"Bütün qruplar silahı yerə qoymalı və PKK özünü buraxmalıdır. Silahları yerə qoyma çağırısı edir və bu tarixi çağırının məsuliyyətini öz üzərimə götürürəm.",- deyə Öcalanın mesajında qeyd olunub.
Həmçinin xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.