Bakı,
AzerVoice
Türkiyədə Bolu Kartalkaya xizək kurortunda yerləşən Grand Kartal
otelində baş verən və 78 nəfərin həyatını itirdiyi faciəvi yanğınla
əlaqədar istintaq çərçivəsində saxlanılanların sayı 14-ə
yüksəlib.
AzerVoice xəbər verir ki , son məlumata görə, istintaq çərçivəsində daha iki nəfər barəsində həbs-qətimkan tədbiri çıxarılıb. Həbsdə olan 9 nəfərin isə bu gün ədliyyəyə göndəriləcəyi bildirilib.
İstintaqın gedişatında yanğının səbəblərinin daha dəqiq
öyrənilməsi məqsədilə İstanbul Texniki Universitetinin Fəlakət
İdarəetmə İnstitutu, Memarlıq Fakültəsi, Elektrik Elektronika
Fakültəsi, Maşınqayırma Fakültəsi və İnşaat Fakültəsindən
mütəxəssislər ekspert kimi təyin olunublar.
Qeyd edək ki, sözügedən yanğın 21 Yanvar tarixində Türkiyədə
Kartalkaya Xizək Mərkəzində oteldə baş verib. Hadisənin yerli
vaxtla saat 03:30 radələrində , təxminən 234 qonağın qaldığı otelin
restoran mərtəbəsində başladığı bildirilib. Bölgəyə xilasetmə və
yanğınsöndürən qurumları göndərilsə də, yanğının qarşısını tez bir
zamanda almaq mümkün olmayıb və böyük itkiyə səbəb olub. Hazırda
məhkəmə istintaqı prosesi davam edir.