Bakı, AzerVoice
Türkiyənin 11 rayonunda PKK terror təşkilatına qarşı “Gürz-25” əməliyyatı keçirilib.
AzerVoice xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya verdiyi açıqlamada əməliyyatlar nəticəsində 37 mağara və sığınacağın məhv edildiyini, ümumilikdə 661 kiloqram partlayıcı maddənin ələ keçirildiyini bildirib.
Əməliyyatlar Jandarma Baş Komandanlığı Terrorla Mübarizə (TEM) İdarəsi və Kəşfiyyat İdarəsinin koordinasiyası ilə Şırnak, Mardin, Elazığ, Hatay, Muş, Siğirt, Tunceli, Iğdır, Bingöl, Bitlis və Hakkaridə həyata keçirilib.
Əməliyyatda PKK üzvlərinin kənd ərazilərindəki hücumlar üçün gizlətdikləri partlayıcı, silah və sursatların məhv edilməsi hədəflənib.
Əməliyyat zamanı ələ keçirilən sursatlar arasında 4 ədəd M79 istiliyə həssas tank əleyhinə sursat, 3 ədəd RPG-7 qumbaraatan, 3 ədəd PKM pulemyot, 4 ədəd Draqunov snayper tüfəngi və 12 ədəd kalaşnikov avtomatı olub. Bundan əlavə, 105 əl qumbarası, 78 qumbaraatan sursatı və 14 mindən çox müxtəlif kalibrdə sursat da təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.
Yerlikaya, əməliyyatlarla bağlı sosial media hesabında paylaşım edərək, "İlin 365 günü, 4 fəsil, 12 ay, gecə-gündüz demədən şəhər daxilində və kənd yerlərində əməliyyatlarımız qətiyyətlə davam edəcək. Terror təşkilatının logistik məqsədlə istifadə etdiyi və hücumlar üçün hazırladığı sığınacaqlar bir-bir aşkar edilərək məhv edildi. Əməliyyatları həyata keçirən qəhrəman jandarmamızı təbrik edirəm. Allah ayaqlarına daş dəydirməsin. Millətimizin duası sizinlədir” ifadələrini işlədib.
Rəsmilər bildiriblər ki, əməliyyatlar terror təşkilatının logistik şəbəkəsini pozmaq və hücum hazırlıqlarını dayandırmaq məqsədilə davam etdiriləcək.