BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Suriyada yeni mərhələyə daxil olunub və Türkiyə bu prosesdə Suriya xalqının yanında olmağa davam edəcək.
AzerVoice xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən keçirilən 16-cı Səfirlər Konfransında çıxış edən Hakan Fidan qeyd edib ki, son 15 ildə Suriya məsələsində Türkiyə tarixinin ən çətin sınaqlarından birini verib. Onun sözlərinə görə, bu proses ciddi siyasi və iqtisadi xərclər tələb etsə də, Ankara insanlıq prinsiplərindən geri çəkilməyib.
Fidan vurğulayıb ki, bəzi ölkələrin terror təşkilatları ilə taktiki əməkdaşlıqlara getdiyi dövrlərdə belə Türkiyə öz mövqeyindən dönməyib. “Nəticədə tarix öz hökmünü verdi. 8 dekabr 2024-cü il Suriya xalqı üçün yeni ümid səhifəsinin açıldığı bir mərhələ oldu”, – deyə nazir bildirib.
Nazir əlavə edib ki, Suriyada proses bununla yekunlaşmır.
“Suriyada işimiz əslində indi başlayır. Biz inanırıq ki, xarici müdaxilələrdən azad, sabit və güclü bir Suriya regionumuz üçün böyük əlavə dəyər yaradacaq. Türkiyə bu mərhələdə dost və qardaş Suriya xalqının yanında qətiyyətlə dayanmağa davam edəcək”, – deyə Hakan Fidan vurğulayıb.
