BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad Forumu” çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
AzerVoice xəbər verir ki, 2025-ci ilin BMT Baş Assambleyasının qərarı ilə “Beynəlxalq Sülh və Etimad İli” elan olunması və Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü münasibətilə təşkil olunan forumda iştirak edən Ərdoğan, Aşqabaddakı ikitərəfli təmaslarını davam etdirir.
Forumdan sonra Prezident Ərdoğan qaldığı oteldə Rusiya Prezidenti Putinlə bir araya gəlib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, MİT rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya Xidmətinin rəhbəri Burhanəddin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, həmçinin hakim AK Partiyanın sədr müavini Halit Yerebakan da iştirak edib.
