BAKI, AzerVoice, Nailə Babazadə
Misir, Fələstin xalqının yerindən edilməsinə dair hər hansı ssenarini etnik təmizləmə cinayəti hesab edərək rədd edir.
AzerVoice xəbər verir ki, Misirin Xarici İşlər Naziri Bəkr Əbdülati bildirib ki, ölkəsi Fələstin xalqının zorla köçürülməsinə yönəlik hər hansı ssenarini, bunun etnik təmizləmə cinayəti təşkil etməsi səbəbilə rədd edir.
Əbdülati, ABŞ-ın Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında çıxış edərək, ölkəsinin ABŞ Prezidenti Donald Trampın "sabitliyin təmin olunması, Qəzzadakı müharibənin bitməsi və əsirlərin azad olunması" istiqamətindəki vizyonunu inkişaf etdirməyə hazır olduğunu bəyan edib.
Yaxın Şərqdəki vəziyyətin "partlayış astanasında" olduğunu vurğulayan Əbdülati qeyd edib ki, bölgə ölkələrində təhlükəsizlik təmin edilmədikcə İsrail də təhlükəsizliyə nail ola bilməyəcək.
Əbdülati bir daha vurğulayıb ki, Misir, Fələstin xalqının zorla yerindən edilməsinə dair hər hansı ssenarini, bunun etnik təmizləmə anlamına gəlməsi səbəbilə qəbul etmir və ölkəsi “yeni bir Nəqbanın” (1948-ci ildə fələstinlilərin kütləvi şəkildə doğma yurdlarından qovulması) içərisində yer almayacaq.
Əbdülati həmçinin Qahirə ilə Addis-Abeba arasında mübahisəyə səbəb olan Hedasi (Böyük Efiopiya Renaissance) Su Elektrik Bəndinin doldurulması və idarə olunması böhranına da toxunaraq, Efiopiyanın bu mövzuda birtərəfli addımlar atdığını bildirib. O deyib:
“Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyə və hüquqi addımlar atmağa hazırıq, haqlarımızdan imtina etməyəcəyik.”