BAKI, AzerVoice, Fərid Mikayılov
Belarus Prezidenti Aleksandr Lukaşenko, İran Prezidenti Məsud Pezeşkianı rəsmi mərasimlə qarşılayıb.
AzerVoice xəbər verir ki, İran lideri Ermənistan səfərindən sonra ikigünlük dövlət səfəri çərçivəsində yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə Belarus paytaxtına gəlib.
Rəsmi qarşılanmadan sonra Pezeşkian və Lukaşenko arasında qapalı görüş keçirilib. Daha sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparılacaq. Müzakirələrdə siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşdirilməsi əsas mövzu olacaq.
Səfər çərçivəsində bir sıra əməkdaşlıq sənədlərinin imzalanması planlaşdırılır.
Pezeşkianın Minsk səfəri Belarus Prezidentinin dəvəti ilə reallaşır və Tehranın beynəlxalq tərəfdaşlıqları genişləndirmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Səfərin yekununda birgə bəyanatın qəbul olunacağı və xüsusilə iqtisadi inkişaf, ticarət və regional dəstək sahələrində əməkdaşlığın vurğulanacağı gözlənilir.