BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyadakı son vəziyyətlə bağlı açıqlama verərək, rəsmi Dəməşqlə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirildiyini bəyan edib.
AzerVoice xəbər verir ki, nazirlik mənbələrinin verdiyi məlumata görə, Suriya hökuməti hazırda ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə bütün dövlət strukturları ilə yenidənqurma səylərini davam etdirir. Bu çərçivədə, xüsusilə DEAŞ kimi terror qruplaşmalarının regiondan təmizlənməsi istiqamətində Suriya hökumətinin tələbləri nəzərə alınır və bu məqsədlə iki ölkə arasında koordinasiyalı fəaliyyətlər həyata keçirilir.
Türkiyə Milli Müdafiə Nazirliyi , 13 avqust 2025-ci il tarixində imzalanmış “Birgə Təlim və Məsləhət Protokolu” çərçivəsində Suriya Silahlı Qüvvələrinin yenidən təşkilatlanması istiqamətində işlərin sürətləndirildiyini bildirib. Protokola əsasən, Suriya ordusunun müdafiə və təhlükəsizlik imkanlarının gücləndirilməsi məqsədilə təlim, məsləhət, səfər və texniki dəstək fəaliyyətləri davam etdirilir. Bütün bu fəaliyyətlər Suriya Müdafiə Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.
Nazirlik mənbələri vurğulayıb ki, Suriyanın sabitliyi və təhlükəsizliyi yalnız bu ölkə üçün deyil, bütövlükdə regionun rifahı üçün kritik əhəmiyyət daşıyır. Türkiyə bu istiqamətdə Suriya ilə yaxın əməkdaşlığı davam etdirməyə və “Tək Dövlət, Tək Ordu” prinsipini dəstəkləməyə sadiqdir.