Əsas səhifə » Qırğızıstan və Özbəkistan parlamentləri arasında əməkdaşlıq müzakirə olunub

Qırğızıstan və Özbəkistan parlamentləri arasında əməkdaşlıq müzakirə olunub

BAKI, AzerVoice

Səmərqənd şəhərində Qırğız Respublikasının Joqorku Keneşi ilə Özbəkistan Respublikasının Ali Məclisi arasında parlamentlərarası əməkdaşlıq üzrə Komissiyanın V iclası keçirilib.

AzerVoice xəbər verir ki, görüş zamanı Qırğızıstan–Özbəkistan parlamentlərarası əməkdaşlığının mövcud vəziyyəti və onun gələcək inkişafı ilə bağlı əsas məsələlər müzakirə olunub. Parlament diplomatiyasından istifadə etməklə ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi, investisiya cəlbi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub.

Nurlanbek Azyqaliev çıxışında qeyd edib ki, Qırğızıstan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq iki qonşu ölkə arasında uğurlu əməkdaşlığın nümunəsidir.

“Qırğızıstan və Özbəkistan sadəcə qonşu deyil, bu gün formalaşan qardaşlıq münasibətləri iki ölkənin siyasi yetkinliyinin və səmərəli idarəetməsinin göstəricisidir,” – deyə o bildirib.

Azyqaliev vurğulayıb ki, Komissiyanın hər il keçirilən iclasları iki ölkə parlamentlərinin qarşılıqlı məsələlərlə bağlı daimi fikir mübadiləsi aparmasına, birgə həll yolları tapmasına və müvafiq komitələr və deputat qrupları arasında davamlı işgüzar əlaqələrin qurulmasına şərait yaradır.

İclas çərçivəsində gənclər siyasəti, təhsil, sosial və mədəni proqramların həyata keçirilməsi üzrə təcrübə mübadiləsi aparılıb. Xüsusi diqqət təhsil sahəsinə, ortaq tarixi-mədəni irsin qorunmasına və humanitar əməkdaşlığın genişləndirilməsinə yönəlib.

Bundan əlavə, iki ölkənin turizm potensialının açılmasında parlament dəstəyinin vacibliyi vurğulanıb. Tərəflər sərhədyanı turizm marşrutlarının inkişafı, turistlər üçün prosedurların sadələşdirilməsi və turizm infrastrukturuna investisiya cəlb edilməsi məsələlərinə xüsusi diqqət ayırıblar.

Parlament nümayəndələri ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsinə yekdilliklə dəstək ifadə edərək, parlamentlərarası dialoqun qonşuluq münasibətlərinin möhkəmləndirilməsi və xalqların mənafelərinin qorunmasında səmərəli vasitə kimi inkişaf etdirilməsinə hazır olduqlarını bəyan ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice