Bakı, AzerVoice:
Sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə zəlzələdən zərərçəkmiş Hatayda 41 min mənzil sahibinə təhvil veriləcək.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
"2023-cü il 6 fevral tarixində Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər yaralanıb", - deyə o əlavə edib.
Yerlikaya onu da bildirib ki, zəlzələ bölgəsində 650 min personal çalışıb.
"Zəlzələnin ikinci günündə ilk fərdi konteynerimizi quraşdırmağa başladıq. Bu gün gəldiyimiz nöqtədə 414 konteyner şəhərində 215 min 224 konteyner quraşdırılıb", - deyə o vurğulayıb.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.