Əsas səhifə » “Kristal Pelas” Avroliqadan kənarlaşdırılmasına görə məhkəməyə apellyasiya verib

“Kristal Pelas” Avroliqadan kənarlaşdırılmasına görə məhkəməyə apellyasiya verib

BAKI, AzerVoice

İdman Arbitraj Məhkəməsi (CAS) İngiltərənin “Kristal Pelas” futbol klubunun 2025-2026 mövsümündə Avropa Liqasından kənarlaşdırılması ilə bağlı apellyasiya şikayətini qeydə alıb.

AzerVoice xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, işə baxılma prosesi sürətləndiriləcək və məhkəmə qərarını ən gec avqustun 11-dək elan edəcək.

Qeyd edək ki, “Kristal Pelas” ötən mövsüm İngiltərə Kubokunun qalibi olub və bununla da Avropa Liqasında oynamaq hüququ qazanmışdı. Lakin UEFA bildirib ki, bu il martın 1-nə olan vəziyyətə əsasən, klubun sahibliyi ilə bağlı tələblər pozulub. Belə ki, həmin vaxt “Kristal Pelas” və Fransanın “Lion” klubu eyni şəxs — amerikalı Con Tekstor tərəfindən idarə olunurdu ki, bu da UEFA-nın çoxlu kluba sahiblik qaydalarına ziddir.

Nəticədə, UEFA Avropa Liqasında iştirak hüququnu Fransanın çempionatında 6-cı yeri tutan “Lion”a verib. “Kristal Pelas” isə Konfrans Liqasında çıxış etməlidir. Onun əvəzinə Avropa Liqasına İngiltərə Premyer Liqasında 7-ci olan və əvvəlcə Konfrans Liqasına vəsiqə qazanan “Nottingem Forest” qatılacaq.

Həmçinin qeyd edək ki, iyunun 24-də “Lion” klubunun Fransa çempionatının ikinci divizionuna göndəriləcəyi açıqlanmışdı. Daha sonra klub bu qərardan apellyasiya verib və 9 iyul tarixində bu apellyasiya təmin olunub.

Avropa Liqasının əsas mərhələsi sentyabrın 24-də başlayacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice