Əsas səhifə » Bavariya niyə Florian Virtsi transfer edə bilmədi?

Bavariya niyə Florian Virtsi transfer edə bilmədi?

BAKI, AzerVoice

Bavariyanın əfsanəvi qapıçısı və sabiq rəhbərlərindən biri olan Oliver Kahn, klubun Florian Virtsi transfer edə bilməməsinin səbəblərinə aydınlıq gətirib.

AzerVoice xəbər verir ki, Kahn bildirib ki, gənc alman futbolçunun Liverpula keçməsi təkcə Bavariyanın deyil, ümumilikdə Bundesliqanın cəlbediciliyinin azalması ilə bağlıdır.

Florian Virts bir neçə il ərzində Bayer Leverkuzenin heyətində göstərdiyi performansla Avropanın aparıcı klublarının diqqətini çəkdi. Xüsusilə Bavariya onun əsas transfer hədəflərindən biri hesab olunurdu. Lakin 22 yaşlı yarımmüdafiəçi 116 milyon funt sterlinq (təxminən 135 milyon avro) qarşılığında İngiltərənin Liverpul klubuna keçdi. Bu, Britaniya futbol tarixinin ən yüksək transferlərindən biri oldu.

“Bu məsələni yalnız klub deyil, bütövlükdə liqa müstəvisində qiymətləndirmək lazımdır. Premyer Liqa bu gün idman, iqtisadi və media imkanları baxımından dünyanın ən cəlbedici liqasıdır. Bir oyunçu üçün bu faktlar böyük rol oynayır”- deyə o bildirib.

Kahn əlavə edib ki, Bundesliqanın təkrarlanan çempionluğu da artıq motivasiya baxımından oyunçuları cəlb etmir.

Florian Virtsin atası Hans-Yoahim Virts də transferin əsas dönüm nöqtəsinin Liverpulun baş məşqçisi Arne Slotla telefon danışığı olduğunu bildirib. Gənc futbolçu niderlandlı mütəxəssisin futbol fəlsəfəsindən və layihəsindən çox təsirləndiyini deyib.

Digər Kateqoriyalar

2025 © Azervoice