BAKI, AzerVoice
Fənərbağça futbol klubu hücum xəttini gücləndirmək məqsədilə transfer çalışmalarını davam etdirir.
AzerVoice xəbər verir ki, klubun gündəminə gələn son ad PSJ-nin ispan futbolçusu Marko Asensio olub.
Dusan Tadiçin ayrılmasından sonra yaranan boşluğu doldurmaq istəyən Fənərbağça rəhbərliyi, 29 yaşlı Asensionu heyətinə qatmaq üçün rəsmi təklif irəli sürüb. PSJ ilə yollarını ayırması gözlənilən təcrübəli hücumçu üçün Fənərbağçanın maaş təklifi də artırılıb. Klub futbolçunu razı salmaq üçün bütün imkanlarını səfərbər edib.
Məlumata görə, Fənərbağça Asensio ilə 3 illik müqavilə imzalamağı planlaşdırır.
Qeyd edək ki, Asensio peşəkar karyerasına İspaniyanın Malyorka klubunda başlayıb. 2015-ci ildə Real Madridə transfer olunan futbolçu, bu klubun heyətində 8 mövsüm ərzində 286 oyunda iştirak edib və 61 qol vurub. Daha sonra PSJ-ə transfer olunan Asensio burada 47 oyunda 7 qola imza atıb. O, son mövsüm icarə əsasında çıxış etdiyi İngiltərənin Aston Villa klubunda 21 oyunda 8 qolla yadda qalıb.