Əsas səhifə » UEFA Real Madridin Futbolçularını Cəzalandırdı

UEFA Real Madridin Futbolçularını Cəzalandırdı

BAKI, AzerVoice

UEFA Çempionlar Liqasının Real Madrid və Atletiko Madrid komandaları arasında keçirilmiş gərgin 1/8 final qarşılaşmasından sonra baş verən hadisələrlə bağlı qərarını açıqlayıb.

AzerVoice xəbər verir ki, qurum Real Madridin üç futbolçusunu, Kilian Mbappe, Antonio Rüdiger və Dani Sebalyosu cərimə edib, Vinisius Junior isə cəzadan yayınıb.

UEFA Kilian Mbappeyə 30 min avro, Antonio Rüdigerə 40 min avro, Dani Sebalyosa isə 20 min avro cərimə tətbiq edib. Hər üç futbolçuya eyni zamanda bir oyunluq şərti UEFA qadağası verilib. Bu cəza yalnız oxşar hadisə təkrarlanarsa qüvvəyə minəcək.

Cəzalar Real Madridin penaltilər seriyası ilə qazandığı qələbədən sonra oyunçuların azarkeşlər qarşısında nümayiş etdirdikləri emosional davranışlarla əlaqələndirilir. Rüdigerin həlledici penaltisindən sonra Madrid oyunçuları tribunaya tərəf qaçaraq qələbəni qeyd ediblər. Bu zaman Atletiko azarkeşləri tərəfindən meydançaya müxtəlif əşyalar atılıb. Atletiko Madrid futbolçuları azarkeşləri təhrik etməkdə ittiham etsə də, Real Madrid rəhbərliyi oyunçuların sadəcə tribunadakı aqressiyaya cavab verdiyini bildirib.

Maraqlıdır ki, Vinisius da qeyd etmə zamanı Realın 15 Çempionlar Liqası tituluna eyham vuraraq Atletikonun titulsuzluğuna işarə edən jestlər etsə də, UEFA onun hərəkətlərini cəza üçün kifayət qədər ciddi saymayıb.

Hazırda futbolçulara verilən şərti cəzalar qüvvədədir və yalnız yeni qayda pozuntusu halında tətbiq olunacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice