BAKI,AzerVoice
İtaliya millisinin yeni baş məşqçisi Gennaro Qattuzo “mavili” formanı yenidən Dünya Çempionatı səhnəsinə çıxarmağı əsas hədəf kimi göstərib.
AzerVoice xəbər verir ki, İtaliya Futbol Federasiyası (FIGC) tərəfindən Luciano Spalletti ilə yolların ayrılmasının ardından baş məşqçi təyin edilən 47 yaşlı Qattuzo üçün bu gün Romada mətbuat konfransı keçirilib.
Qattuzo çıxışında bu vəzifəyə gətirilməsini “reallaşan bir xəyal” kimi qiymətləndirib.
“Asan olmayacaq, amma həyatda heç nə asan deyil”- deyə o bildirib.
Yeni baş məşqçi milli komandanı yenidən canlandırmaq və futbolçulara birlik ruhunu aşılamaq niyyətindədir.
“Bir ailə olmaq əsas məsələ olacaq. Texnika və taktika sonra gəlir – əvvəlcə birlik və ruh lazımdır”- deyə o vurğulayıb.
Qattuzo həmçinin vurğulayıb ki, hazırda Serie A-da oynayan futbolçuların yalnız 32 faizi italyandır. Bu səbəblə gənc oyunçuların inkişafına daha çox dəstək verilməsinin vacibliyinə diqqət çəkib.
Mətbuat konfransının ən diqqətçəkən anı isə Qattuzonun “Bu gün oyunçu olsaydım, özümü milliyə çağırmazdım” deməsi olub. Bu açıqlaması zalda gülüş doğurub, eyni zamanda onun səmimiliyini göstərib.