BAKI,AzerVoice
Real Madrid əfsanəsi Luka Modriçin adı Milan klubu ilə hallanır.
AzerVoice xəbər verir ki, futbol üzrə tanınmış transfer eksperti Fabritsio Romano, Milan klubunun yeni idman direktoru İgli Tarenin Luka Modriçi transfer etmək arzusunda olduğunu bildirib.
38 yaşlı xorvatiyalı yarımmüdafiəçi, Santiaqo Bernabeu stadionunda müqaviləsinin sona çatması ilə yeni bir sınağa hazırlaşır. Modriç yay transfer dönəmində sərbəst agent kimi Real Madrid-dən ayrılaraq karyerasını davam etdirməyi planlaşdırır.
Təcrübəli oyunçu hələlik karyerasını başa vuracağı ilə bağlı hər hansı bir açıqlama verməyib və yeni klub axtarışında olduğunu bildirib. Onun Lionel Messi ilə birlikdə MLS-də Inter Miami klubunda oynaya biləcəyi də ehtimal edilir.
Bundan əlavə, Səudiyyə Ərəbistanının Əl-Nəsr klubu da Modriçi heyətinə qatmaq istəyir.
Romanonun məlumatına görə, Modriçin uşaqlıqdan Milan azarkeşi olması onun İtaliyaya keçid qərarına təsir edə bilər. Milan klubunun baş məşqçisi Massimiliano Alleqri də təcrübəli futbolçunu heyətə cəlb etməkdə maraqlıdır. O, xüsusən Kristian Pulişiç və Rafael Leao kimi ulduz oyunçuların yanında daha fərqli və oyun taleyini dəyişəcək futbolçulara ehtiyac duyduqlarını vurğulayıb.