BAKI, AzerVoice
İtaliya A Seriyasının cari mövsümündə çempionluğu qazanan Napoli klubunun baş məşqçisi Antonio Konte komandada qalacaq.
AzerVoice xəbər verir ki, Napoli-ni iki illik fasilədən sonra yenidən çempion edən və son günlərdə klubda qalacağı ilə bağlı müzakirələrə səbəb olan 55 yaşlı Konte ilə bağlı rəsmi qərarı dünən axşam klub prezidenti Aurelio De Laurentiis açıqlayıb.
De Laurentiis sosial media platforması X-də Konte ilə çempionluq sevincindən çəkilmiş bir fotosunu paylaşaraq, “Tam yol irəli. Əvvəlkindən daha güclü” sözlərini yazıb.
Bundan dərhal sonra Napoli klubunun rəsmi X hesabından da Konte-nin adı italyanca “Con Te” (Səninlə) kimi yazılaraq “Con Te Again” (“Yenidən səninlə”) ifadəsi ilə paylaşım edilib.
Prezident De Laurentiis və Konte dünən axşam yeməyində görüşüb və bu yeməkdən sonra “davam” qərarı verilib. Həmin məlumatda De Laurentiis-in Konte-yə 200 milyon avroluq transfer büdcəsi təqdim edəcəyi də iddia edilib.
Xatırladaq ki, Napoli ötən həftə çempionluğu rəsmiləşdirdikdən sonra Konte-nin komandada qalıb-qalmayacağı ilə bağlı suallar yaranıb. Prezident De Laurentiis-in “bu məsələ Konte-nin öz qərarından asılıdır” açıqlaması söz-söhbətləri daha da artırıb.
Qeyd edək ki, bu mövsüm Napoli tarixində 4-cü dəfə A Seriyasını qazanıb. Antonio Konte isə məşqçi kimi öz karyerasında 5-ci (3 Yuventus, 1 İnter, 1 Napoli) dəfə İtaliya çempionu olub.