BAKI, AzerVoice
Amerikalı döyüşçü Belal Məhəmməd, Avstraliyalı Cek Della Maddalena ilə keçirdiyi qarşılaşmada qalib gələ bilməyərək UFC-nin yarımorta çəki dərəcəsindəki çempionluq titulunu qoruya bilmədi.
AzerVoice xəbər verir ki, Montrealda keçirilən UFC 315 turnirində baş tutan döyüş hakimlərin yekdil qərarı ilə Maddalenanın xeyrinə başa çatıb.
İspaniyanın ABC qəzetinin məlumatına görə, əgər amerikalı Məhəmməd qalib gəlsəydi, Rusiyalı döyüşçü İslam Maxaçev yüngül çəki dərəcəsində qalaraq titulunu müdafiə edəcək və İspaniya təmsilçisi İliya Topuria ilə qarşılaşacaqdı. Lakin Maddalenanın qalib gəlməsi ilə Maxaçevin Avstraliya təmsilçisinə qarşı yarımorta çəkidə çempionluq döyüşü keçirməsi gündəmə gəlib.
Qeyd edək ki, 36 yaşlı Belal Məhəmmədin MMA karyerasında bu, 24 qələbəyə qarşı 4-cü məğlubiyyəti oldu. O, UFC titulunu ötən ilin iyul ayında britaniyalı Leon Edvards üzərində hakimlərin yekdil qərarı ilə qalib gələrək qazanmışdı. Bu, onun çempionluq kəmərini ilk dəfə müdafiə etməsi idi.
28 yaşlı Maddalena isə MMA-da 18 qələbə və 2 məğlubiyyətlə çıxış edir. Avstraliyalı döyüşçü UFC-də keçirdiyi 8 döyüşün hamısında qalib gəlib və onun MMA-da ardıcıl qalibiyyət seriyası 18 döyüşə çatıb.