BAKI, AzerVoice
İngiltərənin Mançester Siti klubunda çıxış edən özbək müdafiəçi Abdulkodir Husanov, baş məşqçi Xosep Qvardiola ilə yaşadığı gərginlik səbəbindən yay transfer dövründə komandadan ayrıla bilər.
AzerVoice xəbər verir ki, mart ayının sonunda baş verən bir insident zamanı Husanov ilə Qvardiola arasında dil baryerindən qaynaqlanan anlaşılmazlıq yaşanıb.
Məlumata görə, məşqlərdən birində Qvardiola Husanovu yaxşı oyunu üçün tərifləyərək ona “Sən çempionsan” deyib. Husanov isə bu sözə cavab vermək istəyərkən, “Sən də çempionsan” (“You’re a champ too”) əvəzinə təsadüfən “Sən şampunsan” (“You’re a shampoo”) ifadəsini işlədib. Qvardiola isə bu sözləri xarici görünüşünə eyham kimi qəbul edib və həmin andan etibarən Husanovun komandada oynamaq hüququna son qoyub.
Futbolçunun tərəfini tutan Ruben Diaş məsələni izah etməyə çalışsa da, Qvardiola fikrindən dönməyib.
Klub rəhbərliyindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Hazırda Husanov ehtiyat oyunçular skamyasında əyləşir və agentləri onun üçün yeni klub axtarır.
Xatırladaq ki, Abdulkodir Husanov 2024-cü ilin yanvarında 40 milyon avro qarşılığında Mançester Sitiyə transfer olunub. 2029-cu ilə qədər qüvvədə olan müqavilə əsasında o, illik 3,5 milyon avro maaş alır. Husanov eyni zamanda İngiltərə Premyer Liqasının tarixində çıxış edən ilk özbək futbolçu kimi yadda qalıb.