BAKI, AzerVoice
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
AzerVoice-un məlumatına görə,görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər ölkəmizdə aparılan sosial islahatların uğurlarını diqqətə çatdırıb. Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son 7 ildə icra olunan 5 sosial islahat paketi nəticəsində sosial ödənişlərdə, o cümlədən pensiyalarda baş verən ciddi artımlar qeyd edilib.
Dövlətimizin başçısının yeni Sərəncamı ilə pensiyaların bu ilin əvvəlindən indeksləşdirilərək daha 9,3 faiz artırıldığı, pensiya təminatı sistemində humanist yanaşmaların tətbiqi istiqamətində atılan addımlardan bəhs olunub. Sosial təminat sahəsi üzrə son illər yaradılan rəqəmsal xidmətlər, proaktiv təyinat mexanizmləri diqqətə çatdırılıb.
Ölkəmizin əmək bazarındakı inkişaf meyilləri, əmək müqavilələrinin sayında ildən-ilə davam edən artım dinamikası, icra olunan aktiv məşğulluq proqramları, peşə və kvalifikasiya standartlarının hazırlanaraq təsdiqlənməsi işləri barədə məlumat verilib. Əmək qanunvericiliyindəki son yeniliklər, qadınların məşğulluq imkanlarının artırılması üçün atılan addımlar, gənclərin məşğulluğuna yönəlmiş layihələr qeyd olunub.
Missiya ilə görüşdə ölkəmizdə pensiya təminatı sahəsində islahatlara və əmək bazarındakı son yenliklərə dair fikir mübadiləsi aparılıb.
Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayevin iştirakı ilə keçirilən görüşdə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti tərəfindən Azərbaycanın əmək bazarının təhlilinə dair təqdimat edilib.