Bakı, AzerVoice. Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) Macarıstanda yerləşən ortaq türk mədəni irsinin qorunması, rəqəmsallaşdırılması və beynəlxalq səviyyədə tanıdılması məqsədilə geniş tərkibli işgüzar səfər həyata keçirib.
AzerVoice xəbər verir ki, 3–6 fevral 2026-cı il tarixlərini əhatə edən səfər çərçivəsində TMİF nümayəndə heyəti Budapeştdən Szigetváradək bir sıra şəhərlərdə yüksək səviyyəli diplomatik görüşlər keçirib, tarixi-mədəni abidələrdə yerində texniki baxışlar aparıb.
Fondun layihə rəhbəri Nuri Aksunun sədrliyi ilə təşkil olunan səfərdə Evren Rutbil (IICAS), Osman Özsoy (Türk Dünyası Fondu) və memar Hasan Fevzi Çügen iştirak edib. Nümayəndə heyəti ilk olaraq Türkiyə Respublikasının Budapeştdəki fövqəladə və səlahiyyətli səfiri Gülşən Karanis Ekşioğlu ilə görüşərək, Macarıstanda icrası planlaşdırılan layihələr və səfirliyin dəstəyi ilə həyata keçirilə biləcək akademik və rəqəmsal əməkdaşlıq imkanlarını müzakirə edib.
Səfər çərçivəsində Gül Baba Fondu ilə keçirilən görüşdə Gül Baba Türbəsi və Özicəli Hacı İbrahim məscidinin skanlanması və vizuallaşdırılması məsələləri müzakirə olunub, fotoqrammetriya və dron çəkilişləri üçün texniki və hüquqi prosedurlar nəzərdən keçirilib.
Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyində Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə dövlət katibi Anita Kiss-Hegyi ilə keçirilən görüşdə birgə sərgi layihələri və rəqəmsal irs bazalarına çıxışla bağlı razılaşmalar əldə edilib. Nümayəndə heyəti eyni zamanda Macarıstan Milli Muzeyində “Atilla” sərgisi ilə tanış olub, Orta Asiya və Hun tarixinin muzey təqdimatı ilə bağlı mütəxəssislərlə fikir mübadiləsi aparıb.
Səfərin növbəti mərhələsində Eszterqom, Érd, Székesfehérvár və Pécs şəhərlərində yerləşən Osmanlı dövrünə aid məscidlər, türbələr, hamam qalıqları və tarixi abidələrə baxış keçirilib. Görüşlərdə mədəni irsin qorunması, 3D skanlama, milli qeydiyyat sistemləri və e-miras platformaları üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyində keçirilən görüşdə Mohaç Meydan Müharibəsinin 500 illiyi ilə bağlı tədbirlər və mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə məsələləri gündəmə gətirilib.
Səfər Szigetvár şəhərində Əli Paşa məscidi, Sultan Süleyman məscidi və Qanuni Sultan Süleymanın türbəsinin yerləşdiyi qazıntı sahəsinə baxışla yekunlaşıb. Proqram çərçivəsində Türk–Macar Dostluq Parkı və Türk Evi Muzeyi də ziyarət olunub.
Səfərin sonunda Budapeştdə TİKA-nın koordinatoru Fatih Yoldaş ilə keçirilən yekun görüşdə nəticələr dəyərləndirilib və Macarıstanda türk mədəni irsinin rəqəmsal sənədləşdirilməsinə yönəlmiş yeni birgə layihələr üzrə ilkin razılaşmalar əldə olunub.