BAKI,AzerVoice
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Nazirliyin, onun tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin və Layihənin nümayəndələrindən ibarət heyət Bosniya və Herseqovinada səfərdə olublar.
AzerVoice xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nümayəndə heyəti Bosniya və Herseqovinanın Federal Məşğulluq İnstitutu, Sarayevo Kantonu Məşğulluq Xidməti, Sarayevo Şəhər Mərkəzi Bələdiyyəsi, həmçinin bu ölkədə “Məşğulluğa Dəstək Layihəsi”nin icra qrupunun ofisində görüşlər keçiriblər.
Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq tədbirləri, son illər ölkəmizdə məşğulluq xidmətləri sahəsində aparılan islahatların uğurları, bu sahədə tətbiq edilən rəqəmsal həllər barədə təqdimatlar edilib.
Ölkəmizdə özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışının dətəklənməsi, həmçinin “Məşğulluğa Dəstək Layihəsi”nin bu sahədə önəmli rolu, Layihənin icrası sahəsində Azərbaycanın müsbət təcrübəsi barədə məlumatlar verilib.
Görüşlərdə bu mövzular, habelə aidiyyəti fəaliyyət istiqamətləri üzrə gələcək əməkdaşlıq, təcrübə mübadilələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.