BAKI, AzerVoice
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şeffild Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Əli və Nino” bədii filmi nümayiş olunub. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, universitetin Azərbaycan Tələbə Cəmiyyətinin təşəbbüsü ilə baş tutan tədbirdə azərbaycanlı və əcnəbi tələbələr iştirak edib.
Bu barədə AzerVoice-a Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verib.
Cəmiyyətin rəhbəri Turanə Abdullayeva bildirib ki, filmin nümayişində əsas məqsəd tələbələrdə ölkəmizin zəngin mədəni irsi, tarixi və multikultural dəyərləri barədə daha dolğun təsəvvür yaratmaqdır. Bu cür tədbirlərin gənclər arasında mədəni maarifləndirməni gücləndirməklə yanaşı, fərqli mədəniyyətləri anlamaq və qiymətləndirmək imkanı yaratdığını vurğulayıb.
Azərbaycan Tələbə Cəmiyyətinin bu təşəbbüsü milli-mədəni dəyərlərin qorunması, təbliği və mədəniyyətlərarası dialoqun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, gənclərin şəbəkələşməsi onların fikir mübadiləsi aparmasına, təcrübə paylaşmasına və gələcək əməkdaşlıqlar üçün əlaqələr qurmasına imkan yaradır.
Qeyd edək ki, Birləşmiş Krallığın universitetlərində 10-dan çox Azərbaycan Tələbə Cəmiyyəti fəaliyyət göstərir.