Bakı. AzerVoice
Biz korporativ sosial məsuliyyət çərçivəsində bu tipli təşəbbüsləri daim dəstəkləmişik. Lakin bu, ilk dəfədir ki, media sahəsinin peşəkarlarını bir araya gətirən bir qurumla birlikdə tədbiri daha ciddi və faydalı formatda həyata keçiririk.
AzerVoice xəbər verir ki, bunu “Azerconnect Group” baş direktoru Emil Məsimov “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Baş direktor xatırladıb ki, Azərbaycan milli mətbuatının əsası “Əkinçi” qəzeti ilə qoyulub:
“Həsən bəy Zərdabinin təşəbbüsü ilə yaradılan bu qəzet milli mədəni dəyərlərimizin qorunması və təbliği kimi məqsədlərə xidmət edib. Bu gün də həmin məqsəd ətrafında müxtəlif qurumlar və media mütəxəssisləri fəaliyyətini davam etdirirlər”.
E.Məsimov vurğulayıb ki, bu tədbir sadəcə bir hesabat tədbiri deyil:
“Məlumat və müşahidələrimə əsasən deyə bilərəm ki, burada iştirak edən gənclər bu platformada media peşəkarları ilə ünsiyyət qurmaq, biliklərini artırmaq və rəqəmsallaşan media mühitində uğurlu fəaliyyət üçün böyük imkanlar əldə edirlər.
20 illik peşəkar fəaliyyətimdə medianın təsir gücünün necə artdığını, milli və mədəni dəyərlərin formalaşmasında oynadığı rolu açıq şəkildə görmüşəm.
44 günlük Vətən müharibəsində, informasiya savaşında media nümayəndələri ön cəbhədə yer aldılar, dövlətimizin maraqlarını müdafiə etdilər. Beynəlxalq tədbirlər zamanı baş verən qərəzli kampaniyaların qarşısını almaqda da media önəmli rol oynadı”
O əlavə edib ki, bu gün isə media ciddi transformasiya mərhələsindədir:
“Sosial şəbəkələr və onlayn platformalar vasitəsilə hər kəs geniş auditoriyaya çıxış əldə edir. Lakin bu, məsuliyyəti də artırır. Kütləvi informasiya vasitəsi sayılmasa da, bu platformaların geniş auditoriyaya təsiri məsuliyyət tələb edir. Bu transformasiyanın aparıcı gücü isə təbii ki, bu gün burada iştirak edən gənclərdir.
Texnoloji inkişafdan səmərəli istifadə etmək hər birimizin əsas vəzifəsinə çevrilməlidir. Lakin bu prosesdə peşə etikası, jurnalist prinsipləri daim nəzərə alınmalıdır. Peşəkar jurnalistikaya həmişə ehtiyac olacaq. Cəmiyyətin fikirlərini formalaşdırmaq, konseptual yanaşmalar təqdim etmək üçün bu sahənin mütəxəssisləri vacibdir”.
Şirkət rəsmisinin qeyd edib ki, bugünkü görüşün formatı gənclərin media peşəkarları ilə fikir mübadiləsi aparmalarına imkan yaradır.