Əsas səhifə » Rusiya Federal Vəkillər Palatasına qanunsuz saxlanılan azərbaycanlılara hüquqi yardımın göstərilməsi ilə bağlı müraciət ediləcək

Rusiya Federal Vəkillər Palatasına qanunsuz saxlanılan azərbaycanlılara hüquqi yardımın göstərilməsi ilə bağlı müraciət ediləcək

Bakı. AzerVoice

2025-ci il iyulun 2-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə AzerVoice-ə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından məlumat verilib.

İclası açan VK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sədr Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş vermiş zorakılıq hallarını və qanunsuz saxlamaları qəti şəkildə pisləyib, bu cür hadisələrin yolverilməz olduğunu ifadə edib.

Anar Bağırov diqqətə çatdırıb ki, Rusiya Federal Vəkillər Palatasına qanunsuz saxlanılan azərbaycanlılara, eləcə də onların ailə üzvlərinə peşəkar səviyyədə hüquqi yardımın göstərilməsi ilə bağlı rəsmi qaydada müraciət ediləcək. Eyni zamanda Yekaterinburq şəhərində vəkillərə qarşı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qeydə alınan qeyri-insani rəftar və vəzifə səlahiyyətlərinin aşılması halları ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət ünvanlanacağı bildirilib. Sədr Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının bu məsələni nəzarətdə saxladığını və hüquqi mexanizmlər çərçivəsində bütün zəruri addımların atılacağını bəyan edib. Bu cür hərəkətlər cəmiyyətdə vəkillik peşəsinin nüfuzunu azaldır və qorxu hissi yaradır. Çünki vəkil olaraq başqasını müdafiə etməli olan şəxslər hazırda özləri müdafiəsiz şəkildə zorakılığa məruz qalırlar.

Digər Kateqoriyalar

2025 © Azervoice