Laçın. AzerVoice
Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumu çərçivəsində "İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafında Qadınların rolu" mövzusunda panel sessiya keçirilib.
AzerVoice xəbər verir ki, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə baş tutan sessiyada Türkiyənin Ailə və Sosial Xidmətlər nazirinin müavini Ləman Yenigün, Qazaxıstan parlamentinin Qadın və Ailə-Demoqrafik Siyasət üzrə Milli Komissiyasının üzvü Juldız Süleymenova, Azərbaycan Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, ECO-nun Təhsil İnstitutunun rəhbəri Mehmet Akif Kireççi, BMT Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin əməkdaşı, tərəfdaşlıq və resursların səfərbərliyi üzrə mütəxəssis Mihaela İonescu və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndləiyinin baş layihə mütəxəssisi Fərəc Hüseynbəyov iştirak ediblər.
Paneldə çıxış edən Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov vurğulayıb ki qadınların təhsilə cəlb edilməsində əsas məsələ maliyyə problemidir:
"Yəni, ailələr maliyyə imkanlarını daha çox oğlan övladlarina yönəldiblər. Buna görə Azərbaycanda Təhsil Kredit Fondu yaradılıb. Azərbaycanda 26 mindən artıq qız təhsil kreditindən istifadə edib".
Asiya İnkişaf Bankının Azərbaycan nümayəndləiyinin baş layihə mütəxəssisi Fərəc Hüseynbəyov diqqətə çatdırıb ki, Asiya İnkişaf Bankı Asiya və Sakit okean regionunda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi istiqamətində işləyir:
"Biz çalışmalıyıq ki, qadınlar hər zaman diqqət mərkəzində olsun. Biz xüsusilə qadınların təhsilinə dəstək üçün çalışırıq. Onlara bacarıqların inkişaf etdirilməsi, rəqəmsal biliklər, texniki və peşə bacarıqları üzrə təlim kursları təşkil edirik. Məqsədimiz keyfiyyətli iş yerlərinin yaradılmasıdır, həmçinin qadınlar üçün qeyri-ənənəvi olan peşələrə cəlb olunma imkanlarının yaradılmasıdır. Asiya İnkişaf Bankı yaşıl bacarıqların qadınlar arasında təşviq olunması məqsədilə milli yaşıl inkişaf strategiyaları və proqramların hazırlanması sahəsində öz dəstəyini verir. Biz qadınların əmək bazarında müvafiq yerə sahib olmasına da dəstək veririk. Asiya İnkişaf Bankı gender bərabərliyinə vəsaitlərin 60 faizini yönəldir".
Qazaxıstan parlamentinin Qadın və Ailə-Demoqrafik Siyasət üzrə Milli Komissiyasının üzvü Juldız Süleymenova deyib ki, Qazaxıstan təhsil sahəsində gender bərabərliyinə nail olub və bu təcrübəni bölüşməyə hazırdır:
"Qazaxıstanda 50 faiz gənc qadın bakalavr, 63 faiz qadın isə magistr dərəcəsinə alıb. Biz mütəxəssislərimizi gələcək istiqamətində formalaşdırırıq. Beynəlxalq universitetlərlə əməkdaşlıq edirik, mütəxəsisləri formalaşdırırıq. Təhsilimiz müasir texnologiyalara əsaslanır. Gənc qızların kollektiv əməkdə iştirakı üçün addımlar atılır. Qadın sahibkarlığı ilə Milli Proqram qəbul etmişik və həyata keçiririk".
Digər çıxışlar dinlənildikdən sonra panel müzakirələrlə davam edib.